Qərb kəşfiyyat qurumları həftənin əvvəlindən Rusiya lideri Putinin Ukraynaya kiberhücum əmri verdiyi iddialarını gündəmə gətirsə də, Kiyevdə verilən açıqlamalar beynəlxalq ictimai rəydə sual işarəsi yaradıb. Ukrayna sərhədindən qoşunlarını çəkməyə başladığını açıqlayan Rusiya ilə buna şübhə ilə yanaşan Qərb arasında gərginlik davam edərkən, Ukrayna son iki gündə kiber hücumlarla iflic vəziyyətinə düşüb. Ukrayna Mərkəzi Bankının yüksək səviyyəli rəsmisi bu gün ölkədəki bankların yeni hücumlar nəticəsində sarsıldığını açıqlayıb. Bankın rəsmisi ikinci dalğanın internet bankçılıq əməliyyatlarının dayanmasına səbəb olduğunu bildirib. Baş nazirin müavini Yuliya Sviridenko da Rusiyaya işarə edərək, hücumlarda başqa ölkənin əli olduğunun dəqiq olduğunu bildirib. Hücumların həyata keçirildiyi IP ünvanlarının Rusiya, Çin, Özbəkistan və Çexiyaya aid olduğunu bildirən Sviridenko, kiberhücumlara hazırlıq üçün önümüzdəki aylarda təlimlər təşkil edəcəklərini açıqlayıb. Ukrayna Təhlükəsizlik Xidmətinin Kibertəhlükəsizlik Departamentinin rəhbəri İlya Vityuk da qeyd edib ki, Rusiya bu cür kiberhücumları həyata keçirmək istəyən yeganə ölkədir.
QƏRB KƏŞFİYYAT XİDMƏTLƏRİ VƏZİYYƏTİ İZLƏMƏKDƏDİR.
Qərb kəşfiyyat bölmələri həftənin əvvəlindən Rusiya prezidenti Vladimir Putinin Ukraynaya kiberhücum əmri verdiyinə dair iddiaları paylaşırdı. Ukraynada dünən Müdafiə Nazirliyinin və Ukrayna Silahlı Qüvvələrinin internet saytları, həmçinin Privatbank və Oschadbank bankları sındırılıb. Müdafiə Nazirliyi saytın qəzaya uğradığını təsdiqləyərək, ehtimal ki, hədəfə alındığını bildirib. Kremlin sözçüsü Dmitri Peskov isə Rusiyanın Ukraynaya qarşı kiberhücumlarla heç bir əlaqəsi olmadığını müdafiə edib.