Məlum olduğu kimi Azərbaycan Respublikasında fəaliyyət göstərən banklarda informasiya təhlükəsizliyinə dair minimum tələbləri özündə ehtiva edən “Banklarda informasiya təhlükəsizliyinin idarə edilməsi Qaydası” 2022-ci il 1 aprel tarixindən qüvvəyə minmişdir. Bu istiqamətdə aparılan işlərin davamı olaraq, Dünya Bankı Qrupunun üzvü olan Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) dəstəyi ilə Mərkəzi Bank tərəfindən 2023-2026-cı illər üzrə “Maliyyə bazarlarında kibertəhlükəsizlik Strategiyası” (Strategiya) hazırlanaraq təsdiqlənmişdir.
2023-2026-cı illər üçün “Maliyyə bazarları üzrə kibertəhlükəsizlik Strategiyası”nın başlıca məqsədi Azərbaycan Respublikasının Mərkəzi Bankı və ölkədə fəaliyyət göstərən maliyyə institutlarında informasiya təhlükəsizliyinin və kibertəhlükəsizliyin gücləndirilməsi, o cümlədən müasir dövrün kibertəhlükəsizlik təhdidlərinin və kiberhücumların qarşısının daha effektiv alınması üzrə əsas fəaliyyət istiqamətlərinin müəyyən edilməsidir.
Bu Strategiyanın vizyonu maliyyə sabitliyinin təmin edilməsi məqsədilə artan kibertəhdidlər fonunda ölkənin maliyyə bazarlarında kiber dayanıqlığın gücləndirilməsidir. Odur ki, Strategiya özündə beş strateji prioritet üzrə fəaliyyəti əhatə edərək maliyyə bazarlarında dayanıqlı kibertəhlükəsizlik mühitinin formalaşdırılmasını hədəfləmişdir: (i) Maliyyə bazarlarında informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik üzrə tənzimləmə və nəzarət çərçivəsinin gücləndirilməsi; (ii) Maliyyə bazarlarında kiber risklərin idarə edilməsi mədəniyyətinin gücləndirilməsi; (iii) Maliyyə bazarlarında kibertəhlükəsizlik səviyyəsinin gücləndirilməsi məqsədilə informasiya texnologiyalarının idarəetmə çərçivəsinin formalaşdırılması; (iv) Maliyyə bazarlarında kiber dayanıqlığın gücləndirilməsi; (v) Maliyyə bazarlarında informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik mədəniyyətinin formalaşdırılması.