Platformamızın rəhbəri Şahin Alıyev AİKTSA “Kiber Təhlükəsizlik Komitəsi”nin rəhbəri seçildi.

Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasında (AİKTSA) “Kiber Təhlükəsizlik” Komitəsinin yaradılması ilə bağlı iclası keçirilib, İclasda cari vəziyyət və ölkədə bu sahədə görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilib.

İclasda çıxış edən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin rəis müavini Samir Rəsulov bildirib ki, Azərbaycanda kibertəhlükəsizliklə bağlı bir sıra mühüm işlər görülür. Ölkəmizdə informasiya təhlükəsizliyi problemləri və onların həllinə böyük həssaslıqla yanaşıldığını deyən S.Rəsulov mövcud kibertəhlükələrlə uğurla mübarizə aparmaq üçün dövlət qurumları ilə özəl biznes arasında sıx əməkdaşlığın vacibliyini qeyd edib. Bu istiqamətdə “Kiber Təhlükəsizlik” Komitəsinin yaradılmasını müsbət addım kimi dəyərləndirib.

Daha sonra çıxış edən AİKTSA sədri Elvin Abbasov bildirib ki, son illər informasiya sistemlərində şəbəkələrə edilən kiber hücumlar, məlumatların oğurlanması, müxtəlif kiber müdaxilələrin baş verməsi daha da intensiv hal almışdır. Bununla yanaşı internet və sosial media istifadəçilərinin artması kibertəhlükəsizlik mövzusunu daha aktual etmişdir. “Kiber Təhlükəsizlik” Komitəsinin yaradılması ölkəmizdə kibertəhlükəsizlik tədbirlərinin həyata keçirilməsinə öz töhfəsini vermiş olacaq.

İclasda iştrak edən Dövlət və özəl sektorunun nümayəndələri, (Elektron Təhlükəsizlik Xidməti – Cyber Security Service (CERT), AZINTELECOM, Aselsan-Baku, Ultra Technologies, ALLSAFE, ITECH Group, SmartIT, Karmasis Azərbaycan, Kiber Təhlükəsizlik Platforması, MaxTexno, EKVITA) rəhbər şəxsləri həmçinin  kiber təhlükəsizlik eksperti Araz Mirzəyev və bu sahə ilə məşğul olan mütəxəssislərin iştirakı fikir mübadiləsi aparılıb.

Daha sonra iclasda “Kiber Təhlükəsizlik” Komitəsinə rəhbər seçimi elan edilib. Üç namizəd arasında keçirilən səsvermədə ən çox səs toplayan Kiber Təhlükəsizlik Platformasının rəhbəri Şahin Əliyev komitənin rəhbəri seçilmişdir. İclasın sonunda qarşıdakı qarşıya qoyulan məqsədlər və görüləcək işlər barədə fikir mübadiləsi aparılıb.